Atabala Hacıyev

Hacıyev Atabala Həzi oğlu 1924-ci ildə Binə Xocavar kəndində anadan olmuşdur. 1942-ci ildə Sovet Ordu sıralarına xidmətə çağırılmış, Taqonroqdan Berlinə qədər müharibədə iştirak etmişdir. Polşa, Moldoviya, Almaniya, Berlin, Reystağın alınmasında iştirak etmişdir. Rabitəçi olmuş. Polis komandirinin müavini erməni idi –Saturov! Neftçala rayonunda birinci katib işləmişdi, milliyətcə erməni idi. Mircəfər Bağırov onu orduya yollamışdı. Erməni dedi ki, əməliyyata Hacıyev gedəcək, seyiddi ona güllə batmayacaq. 5 üzən qayıq və 9 nəfər biz kəşfiyatçı. Axşamçağı bizi yedirtdilər, yatızdırdılar… Bizimkilər də, almanlar da yatmışdılar. Almanların yaşadığı binanı yerlə -yeksan elədik. Məni Sovet İttifaqı Qəhrəmanına təqdim etdilər. Hər bir instansiyadan keçdikcə mənə məlumat verirdilər. Getdi, çıxdı SSRİ Ali Sovetinə. Bu vaxtı 1945-ci il qurtardı. Mənə məktub gəldi ki, “propol bez izvesti” itgin düşmüşdür. Almanlara əsir düşmüşdür. İmza yerində biri rus, biri erməni göstərilirdi. Hamımız məətəl qadıq. Bu necə işdir? Müharibədən sonrada mən şöbə komandiri idim. Bir gün növbətçi dalımca gəlib dedi ki, geyin gedək qərargaha. Gəldim, dedilər otur, oturdum. Məni canlı görəndən sonra M. Bağırova da məlumat verdilər.

1946-cı ilin aprel ayında çayın qırağında oturmuşdum. Gördüm bir rus qaça –qaça gəlib mənə dedi ki, muştuluq ver, dedim ki, verərəm.

O, dedi:

- And iç, ondan sonra!

Dedim:

-Həyatıma and olsun sənə yarım litr araq verərəm.

O, dedi ki, axşam sənə Lenin ordeni verilməsi ilə əlaqədar

Fərman veriblər.
Sonra mən serjant ola – ola polkovnik məzuniyyəti verdilər -45 gün…

-1954-ci ildə indiki, Gəncə Kənd Təsərrüfatı Akademiyasına imtahan verib qəbul olundum. Evimizdə vəziyyət ağır olduğundan 1959-cu ildə aqronomluq fakültəsinin qiyabi şöbəsinə keçdim. Elə həmin il Masallı Rayon Partiya Komitəsi məni yolladı o vaxtkı “Pravda” kolxozuna. Təsərrüfatda baş aqronom kimi fəaliyyətə başladım. Əlbətdə, burada işləmək çətin məsələ idi. Ona görə ki, kolxoz Ümumittifaq məkanında heyvandarlıq və əkinçilik sahəsində qabaqcıl təsərrüfat sayılırdı. Azərbaycan KP MK kolxoz əməkçilərinə daim minnətdarlığını bildirirdi və bu barədə qəzetlərdə şəkillər də çap olunurdu. 1960-cı ilin aprel ayında kolxozda qarğıdalı əkdirirdim. Bir dəfə bizim kolxoza raykomun 1-ci katibi gəldi və iş başında məndən xəbər aldı ki, münbit torpağa nə qədər qarğıdalı səpilir, ağır torpaqlara nə qədər? Məndə cavab verdim ki, münbit torpaqlarda 5 -7 sm, ağır torpaqlarda isə 5 santmetrdir… 1-ci katib Qəzənfər Mamedov, 2-ci katib Digahlı Əlihüseyin Əliyev idi. Sən demə katiblər hər yerə gediblər, ancaq məndən soruşulan sualın cavabını düzgün almamışlar. Təkcə Masallı rayon Təklə kənd təsərrüfatı idarəsinin rəisi Əfsər Bağırov düzgün cavab veribmiş. Bu hadisədən bir az sonra yaşadığım kəndin “ Sovet Azərbaycanı” kolxozunun sədirliyi boşaldı. Birinci katib kolxoz sədrimiz, Masallı Rayon Partiya Komitəsinin büro üzvü Qəni Əmiraslanovdan xahiş edir ki, onu həmin sovxoza sədr göndərək. Həmin vaxtı da çöllərdə əkinçiliyin qızğın vaxtıydı. Hər gün axşam qarğıdalımız tapşırılırdı, bir də gördüm Qəni əmi deyir:

- Atabala, hardasan, səhərdən səni axtarıram söhbətinin canını söylədi. Təqdimat yazıb raykoma vermişəm. Dedi ki, sabahdan yeni iş yerinə get, “Sovet Azərbaycanı” kolxozunda sədr işləyəcəksən…

Belə də oldu. Bu minvalla 3 il sədr işlədim, sonra qarmaqarışıqlıq düşdü, işdən çıxdım, yenə gəldim Qəni əminin kolxozuna… 1963 -cü ildən 1968-ci ilə kimi yenə aqronom işlədim, həmçinin victimai əsaslarla ilk partiya təşkilatının katibi işlədim.

Biri –birindən maraqlı, yaddaqalan tədbirlər oldu. Onlardan biri də bolqarların təsərrüfatımıza gəlişi idi. Qonaqların arasında xarici jurnalistlər, adlı –sanlı təsərrüfat rəhbərləri də vardı. Təcrübə mübadiləsi etdik. Kolxoz təsərrüfatımızı bəyəndilər. Şəkillər çəkdirdik, qonaqlıqlar etdik. Bolqarlar bizə xalça hədiyyə etdilər. Qeyd edim ki, həmin il hər adambaşına 7 kiloqram taxıl böldük, mərci, pul… Bu kənddə həmişə bolluq yaranırdı.

Müharibə dövrü olduğuna Talış kəndlərinin adamlarıda buraya çörək dalınca gələr, ailə dolandırardılar. Kolxoz sədri Qəni əmi də onlara qayğı göstərərdi, və həmin adamlar indi də Çaxırlı kəndində məskunlaşmışlar. Bütün yaxşı xüsusiyyətlərinə görə həmişə Qəni kişinin ruhuna salavat çevirirəm, rəhmət göndərirəm.

Zaman olub ki, bu kişinin xeyirxah əməli məndən də yan keçməyib. Yaşadığım bu evi o, mənə bəxş edib, onula çalışdığım vaxtda evim oldu və indi oturduğum həyət – bacama görə yalnız Qəni Əmiraslanova minnətdaram. Oğlu Hakim müəllimi görəndə üzündən öpürəm, bağrıma basıram. Çünki, onun atası adamları acından ölməyə qoymurdu, çörək verirdi ki, yaşasınlar. Yaşadılar da… Amma başqa kəndlərdə adamların çoxu aclıqdan öldülər, elələrini lap həyətdə dəfn edirdilər…

Təklə kəndinin adamları ərizə verib “Pravda” kolxozuna birləşdilər ki, zəmanənin çətinliklərindən yaxa qurtarsınlar, Qəni Əmiraslanovun yaxşılığına tuş gəlsinlər və belə də oldu…

Onun sayəsində Sosialist Əməyi Qəhrəmanları adına, Lenin ordeninə, medallara layiq görülənlər tapıldı, Ali Sovetin Deputatı seçildilər , Rayon Partiya Komitəsinin büro üzvü oldular. Heyvandarlıq sahəsi elə bir həddə çatdı ki, bütün dünyada tanındı...

ƏLİHÜSEYN ŞÜKÜROV